Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan daha bir şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qubadlı rayon sakini Ramin Qasımlı tutulub. Şəxsi axtarış zamanı onun üzərindən 2 qram metamfetamin aşkar edilib. Ramin Qasımlının idarə etdiyi “Lada” markalı avtomobilin yük yerindən isə 12 kiloqram heroin və 3 kiloqram metamfetamin aşkarlanıb. Əməliyyat nəticəsində ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs adı hələlik istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Yardımlı rayonunda qəbul edib və Sumqayıt şəhərinə gətirərək satışını təşkil etmək istəyib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Ramin Qasımlı tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.